Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

MDHP RAYON (şəhər) ŞÖBƏLƏRİ HAQQINDA ƏSASNAMƏ

MDHP RAYON (şəhər) ŞÖBƏLƏRİ HAQQINDA  ƏSASNAMƏ

Milli Dirçəliş Hərəkatı Partiyası rayon (şəhər) şöbələri haqqında
ƏSASNAMƏ


1. Ümumi müddəalar.
1.1. MDHP rayon (şəhər) şöbəsinin fəaliyyəti MDHP-nin Nizamnaməsi, Məramnaməsi, bu əsasnamə və təşkilatın mərkəzi orqanlarının qərarları ilə tənzimlənir.
1.2. Rayon (şəhər) şöbəsi müəyyən olunmuş qaydada öz nümayəndələri vasitəsi ilə MDHP ali orqanlarının işində iştirak edir.
1.3. Rayon (şəhər) şöbəsinin seçkili orqanlarına yalnız müvafiq rayon (şəhər) şöbəsində qeydiyyatda olan MDHP üzvləri seçilə bilər.

2. Rayon (şəhər) şöbəsinin Məclisi
2.1. Rayon (şəhər) şöbəsi Məclisinin səlahiyyət müddəti 2 (iki) ildir (növbəti konfransadək).
2.2. Məclisin tərkibi rayon (şəhər) şöbəsinin qurultayqabağı konfransında təsdiq edilir.
2.3. Məclis fəaliyyətini əsasən sessiyaları, sədri, Rəyasət Heyəti və komissiyaları vasitəsilə həyata keçirir. Sessiyalar 3 (üç) ayda bir dəfədən gec olmayaraq keçirilir.
2.4. Növbədənkənar sessiyalar məclis üzvlərinin üçdə birinin, rayon (şəhər) şöbəsi sədrinin, nəzarət-təftiş qrupunun, müvafiq rayon (şəhər) şöbəsində qeydiyyatda olan özəklərin üçdə birinin, eləcə də MDHP Ali Məclisinin, MDHP sədrinin, MDHP Nəzarət-Təftiş Qrupunun təşəbbüsü ilə Məclisin Rəyasət Heyəti (yoxdursa Məclisin sədri) tərəfindən çağırıla bilər.
2.5. Məclisin sessiyası Məclis üzvlərinin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərarlar iştirak edənlərin yarıdan çoxu səs verdikdə qəbul edilmiş sayılır.
2.6. Məclis:
- rayon (şəhər) şöbəsi icra orqanlarının strukturunu təsdiq edir;
- rayon (şəhər) şöbəsi sədrinin təqdimatına əsasən icra orqanının tərkibini təsdiq edir;
- Məclisin sədrini, onun müavinini, katibini, Rəyasət Heyətini seçir;
- Məclis sədrinin və Rəyasət Heyətinin hesabatını, rayon (şəhər) şöbəsi sədrinin Nəzarət-Təftiş Qrupunun və mətbuat orqanının redaktorunun məlumatını dinləyir;
- Müvafiq komissiyalar yaradır, bu komissiyaların strukturunu və səlahiyyətlərini müəyyənləşdirir;
- yeni yaranmış özəkləri qeydə alır;
- Rayon (şəhər) şöbəsinin bütün seçkili orqanlarının və vəzifəli şəxslərin istefasını qəbul edir, konfransın müstəsna səlahiyyətinə aid orqanlara konfransadək müvəqqəti seçkilər keçirir.
2.7. Məclis :
a) şöbənin bütün seçkili orqanlarından, vəzifəli şəxslərindən və özəklərdən izahat və arayış tələb etmək;
b) hər hansı Məclis üzvünün səlahiyyətinə xitam verilməsi barədə onu seçmiş özək, yaxud orqan qarşısında vəsadət qaldırmaq hüququna malikdir.
2.8. Məclis üzvlərinin sayı 40-dan çox olan rayon (şəhər) şöbələrində Rəyasət Heyəti yaradılır. Rəyasət Heyətinə məclisin sədri, onun müavini, katibi və Məclis tərəfindən seçilmiş şəxslər daxildir.
2.9. Məclis üzvü rayon (şəhər) şöbəsinin bütün orqanlarına, özəklərinə və vəzifəli şəxslərinə sorğu ilə müraciət etmək hüququna malikdir. Həmin sorğulara rayon (şəhər) şöbəsinin müvafiq orqanları 10 gün müddəti ərzində yazılı surətdə və ya Məclisin sessiyasında cavab verməlidir.
2.10. Məclis özünün reqlamentini qəbul edir.

3. Rayon (şəhər) şöbəsinin sədri.
3.1. MDH rayon (şəhər) şöbəsinin sədri konfransda iki il müddətinə (növbəti konfransadək) seçilir.
3.2. Sədr öz fəaliyyətində MDHP sədri, MDHP ali orqanları qarşısında məsuldur və fəaliyyəti barədə müntəzəm olaraq Məclisə məlumat verir.
3.3. Sədr:
- Rayon (şəhər) şöbəsinin fəaliyyətinə konfransın və Məclisin qərarlarına uyğun olaraq rəhbərlik edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır;
- Rayon (şəhər) şöbəsi adından müqavilə və sazişlər imzalayır;
- MDHP sədrinin, MDHP ali orqanlarının, rayon (şəhər) şöbəsi konfransının və Məclisin qərarlarının yerinə yetirilməsini təşkil edir;
- Rayon (şəhər) şöbəsi icra orqanının strukturunu müəyyən edir və məclisin təsdiqinə verir;
- Icra orqanının üzvlərini təsdiq edir;
- Oz səlahiyyəti daxilində sərəncam, əmr və göstərişlər verir.
3.4. Rayon (şəhər) şöbəsi icra orqanının tərkibinə: təşkilat, ideologiya, ictimaiyyətlə əlaqələr üzrə müavinlər təyin edir və şöbələr formalaşdırır. Icra orqanının üzvlərinin, şöbələrinin hüquq və vəzifələri, səlahiyyət bölgüsü rayon (şəhər) şöbə sədri tərəfindən müəyyənləşdirilir.

4. Rayon (şəhər) şöbəsinin Nəzarət Təftiş Qrupu.
4.1. Rayon (şəhər) şöbəsinin nəzarət-təftiş qrupu konfrans tərəfindən iki il müddətinə (növbəti konfransadək) seçilir.
4.2. NTQ müvafiq rayon (şəhər) şöbəsində qeydiyyatda olan təşkilat üzvlərinin və şöbənin seçkili orqanlarının fəaliyyətinin Nizamnaməyə və Məramnaməyə uyğun olmasına, maliyyə vəsaitlərindən düzgün istifadə olunmasına nəzarət edir, yoxlamalar aparır, aid orqanlara təqdimat və rəylər verir. Həmin təqdimat və rəylərə aid orqanlarda bir ay müddətinə baxılmalı və qəbul edilmiş qərarlar haqqında NTQ-yə məlumat verilməlidir.
4.3. Nəzarət-Təftiş Qrupu rayon (şəhər) şöbəsinin bütün orqanlarına və vəzifəli şəxslərinə, özəklərinə və MDHP üzvlərinə sorğu ilə müracit etmək hüququna malikdir.

5. Mətbuat orqanının redaktoru.
5.1. Rayon (şəhər) şöbəsi mətbuat orqanının redaktoru konfrans tərəfindən iki il (növbəti konfransadək) müddətinə seçilir.
5.2. Mətbuat orqanı ilə rayon (şəhər) şöbəsi arasındakı münasibətlər mətbuat orqanının Nizamnaməsi və müvafiq müqavilələrlə nizamlanır.