Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

YOLBAY

Elçibəy: - Kommunist partiyası, həbsi və sonrası barədə...

Elçibəy: - Kommunist partiyası, həbsi və sonrası barədə...

(Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy’lə Ədalət Tahirzadə’nin söhbəti 17 oktyabr 1991 – 15 aprel 1992 )

Bəy, çox adam bilmir, sən, səhv etmirəmsə, iki il kommunist olmusan. Bu, xaricə getmək məcburiyyətindən irəli gəlməyib ki?

Yox, yox! Mən kommunist olmuşam 1973-75-inci illərdə.
Bu, belə oldu – o zaman birdən-birə başladılar ki, universitetin tarix, hüquq, elmi kommunizm, fəlsəfə, ümumiyyətlə, ideologiya ilə bağlı müəllimlərinin gərək hamısı kommunist ola; necə ola bilər ki, ideya işçisi kommunist olmasın? Sonra dedilər ki, kim kommunist olmasa universitetdən çıxarılacaq. Mən də çıxmaq istəmirdim – ona görə yox ki, iş tapmağa çətinlik çəkərdim, sadəcə olaraq, tələbələrdən ayrılmaq istəmirdim., çünki tələbələrin içəriçində təbliğat aparmağa güclü imkan vardı. Mən bu imkandan əl çəkmək istəmirdim. Məni neçə dəfə ora-bura çəkdilər, yaxın dostlarım da dilə tutdular ki, partiyaya girmək gərəkdir, təzyiq etdilər. Bizim kafedrada Nəriman Həsənzadə adlı bir müəllimimiz vardı, dedi ki, gəl səni partiyaya keçirək, özü də zəmanəti özüm verəcəyəm. İki dəfə zəmanət yazdılar, itirdim. Üstündən bir il keçdi, yenə yazdılar. Dilə tutdular ki, keçməsən universitetdən çıxaracaqlar. Mən də deyirdim ki, onsuz da, çıxaracaqlar. Beləcə axırda məni partiyaya keçirdilər. Nəriman müəllim Allah şahididir…

O, şair Nəriman Həsənzadədir?

Yox, indi universitetdə kafedra müdiridir. Aramız yaxın idi. Dedim ki, axı məni, onsuz da, tutacaqlar. Cavab verdi ki, tululsan da kommunist kimi tutulacaqsan, bu isə çətin olacaq. Kommunisti tutmaq üçün Mərkəzi Komitə də işə qarışacaq; səni elə-belə tutmaq olmayacaq, bunu dünya da biləcək.

Tutulanda kommunist idin?

Hə.

Bəs nədən bilirdin ki, tutulacaqsan?

Axı bu işlərin bir sonu vardı – tutulmaq. Bunu tələbə yoldaşlarım da bilirdilər. Biz söz qoymuşduq ki, bu yolda sonadək mübarizə aparaq.

Nə vaxt tutuldun, Bəy? Xahiş edirəm günü ilə, ayı ilə, ili ilə deyəsən.

1975-inci il yanvar ayının ya 15-i idi, ya da 17-si…

Necə tutdular? Bəhanə nə oldu?

Bəhanəsi olmadı. Əvvəl məni çağırmışdılar – ondan hələ bir il qabaq, 1974-üncü ilin əvvəlində (yanvar, ya fevral idi) iki-üç dəfə Dövlət Təhlükəsizliyi Komitəsinə çağırmışdılar ki, sən tələbələr arasında təbliğat aparırsan, milliyyətçi, antirus, antisovet təbliğat yayırsan. Bunları yerə qoy. Qoymasan həbs olunacaqsan. Bu xəbərdarlığı mənə Dövlət Təhlükəsizliyi Komitəsi etmişdi. Mən də dedim ki, öz əqidəmdən əl çəkməyəcəyəm! Mənim dediklərim düzdür.
Sonra mənə dedilər ki, səni tutacaqlar. Mən də cavab verdim ki, məni ona görə tuta bilməzlər ki, onların hamısı rüşvətxorlardır; birincisi, gərək onların özləri tutulsun, bu ölkəni dağıdanlar tutulsun, axırda mən tutulum.
Mənə altı ay vaxt verdilər. Altı aydan sonra bir də gəldilər ki, sən, əksinə, məsələni daha da şiddətləndirmisən. Çünki məsələ, doğrudan da, qızışırdı; sinifdə məndən soruşurdular ki, səni DTK-ya çağırıblarmı, deyirdim ki, bəli; mənə xox gəlirlər (elə bu cür də deyirdim uşaqlara), mən bu yoldan çönən deyiləm.
Mən o zaman Brejnev’in, Heydər Əliyev’in əleyhinə idim (çıxış edirdim, dərsdə də deyirdim). Sonra fikirləşdim ki, mənə irad tutarlar ki, dərsi siyasi təbliğat vasitəsinə çevirirsən. Mən görürdüm bu şeyi. Bu, doğrudan da, düz deyildi, hüquqi cəhətdən də dərsdən başqa məqsədlə istifadə etməyə ixtiyar yoxdur. Ona görə başladım dərsləri çox yüksək səviyyədə keçməyə (düzdür, əvvəllər də pis keçməsəm də). İndi başladım tənəffüslərdə təbliğata, dərnəklər təşkil etməyə – Azərbaycanın tarixini, Azərbaycan inqilabi hərəkatlar tarixini öyrədən dərnəklər düzəltmişdik.

Universitetin özündə?


Bəli, universitetdə. Dərnəkdir də – Azərbaycan tarixini öyrənirik. Yaxud Şərqin siyasi tarixini, diplomatiya tarixini öyrənmək adı ilə yığırdıq tələbələri, gəncləri. Söhbətimiz Azərbaycana, siyasətə aid olurdu. Qoy desinlər ki, dərnəkdədirlər. Söhbəti tənəffüsdə, bəzən də çayxanalarda aparırdıq. Ona görə də ittihamnamədə yazmışdılar ki, dərs zamanı, tənəffüslərdə, dərnəklərdə, çayxanalarda daim tələbələri başına yığıb antisovet, millətçi təbliğat aparmışdır.

Söhbətlərin aparıcı xətti nə olurdu?

Ən mühüm xətlər bunlar idi – birincisi, quruluşun özünün düz olmaması.

Sosializm quruluşunun?

Bəli. Deyirdim ki, bu quruluş dağılacaq. Bildiklərimə, oxuduqlarıma əsasən izah edirdim.
İkincisi, Azərbaycan müstəmləkədir. Bunu dərsdə də aydın, açıq deyirdim, çünki mən Hindistanda, ərəb ölkələrində fransız və ingilis müstəmləkəçiliyi tarixini keçirdim. Bizdə müşahidə olunan şeylər onlarda da sırf eynilə özünü göstərirdi, əksinə, bizdə daha ağır vəziyyətdir. Dərsliklərdə yazılırdı ki, müstəmləkə o ölkədir ki, dərslər başqa dildə keçirilir, milləti öz dilini inkişaf etdirməyə qoymurlar və s. Bu, bizim kitablarda da var; götürüb həmin sözləri tətbiq edirsən Azərbaycana, tələbə Azərbaycanın o müstəmləkələrdən də ağır vəziyyətdə olduğunu o saat başa düşür. Hətta elə şeylər vardı ki, çox üst-üstə düşürdü. Məsələn, mən deyirdim ki, Hindistanda məktəblər müstəmləkə şəraitində elə dağıdılıb ki, onlar bütünlükdə xarabaya çevrilib, siniflərdə böcəklər və siçovullar dolaşır (bunu Moskvada çıxan kitablar yazır). Azərbaycan Dövlət Universitetinin otaqlarında da siçovullar gəzir və uşaqlar deyir ki, müəllim, bizdə də elədir. Buna daha heç bir izah-zad lazım deyil; bunlar müstəmləkəçiliyin kiçik əlamətləridir və tələbə onları görür.
Üçüncüsü, rus dilinin assimilyator rolu oynaması. Bir var dil ünsiyyət vasitəsi kimi – ingilis dili, ərəb dili kimi, onu bütün xalq öyrənir. Mənə deyirdilər ki, sən rus dilinə qarşı çıxmısan, bəs nə üçün özün rus dilini, ərəb dilini bilirsən? Cavab verirdim ki, elə deyil – dili öyrənmək gərəkdir; kim nə qədər bacarırsa dil öyrənsin, ancaq rus dilinin bəlası bundadır ki, ondan müstəmləkə aləti kimi istifadə olunur.

Həyata zorakılıqla girir…

Bəli, o, Azərbaycan dilini çıxışdırıb çıxarır, Azərbaycan dilinin yerini tutmaq istəyir. Ona görə də rus dilinin bu cür təbliğinə, tədrisinə qarşı çox danışırdım.
Sonra, Sovet İttifaqını idarə edənlərin hamısının yaşlı, oturuşmuş, savadsız, intellektual səviyyəsiz adamlar olduğunu (Brejnev’dən tutmuş Qrişin’ədək) deyirdim. Hətta Heydər Əliyev’in özünü də. Məsələn, Heydər Əliyevin Azərbaycanda nə üçün dövlət başçısı ola bilməyəcəyini belə əsaslandırırdım ki, o, güclü savad almayıb (onda belə düşünürdüm), Dövlət Təhlükəsizliyi Komitəsinin məktəbini qurtarıb. DTK haqqında da o zaman eşitmişdim ki (xaricdə olan bir azərbaycanlının yazısı idi), Göbbels qəddarlıqda Sovet İttifaqı «Kaqebe»sində (bu cür ifadə etmişdi) işləyən adicə bir serjantın əlinə su tökməyə layiq deyil. Yəni bu sistem belədir – qəddarlıq sistemidir. Bunu hamı görürdü.

Bəlkə həbs dövrün haqqında danışasan, Bəy? Dövlət Təhlükəsizliyi Komitəsinin zindanında olmusan iki il…

Yox, mənə cəmi il yarım həbs veriblər. Yarım ilini yatmışam Dövlət Təhlükəsizliyi Komitəsində, bir ilini isə daş karxanasında aparıb işlədiblər.

Bəlkə elə onlardan danışasan?

Dövlət Təhlükəsizliyi Komitəsində də, təbii ki, yaxşı insanlar vardı. Məni, əlbəttə, müdafiə etmirdilər, canavar kimi üstümə düşmüşdülər, amma öyrənmişdim ki, həbs olunmağım haqqında ayrı-ayrı vaxtlarda bir ay ara verib sonra yenidən səsvermə keçiriblər. Əvvəl həbs olunmağıma səs verilməyib. Müəyyən qüvvələr tutulmağıma razı olmayıb. Sonradan mən fəaliyyətimi genişləndirdiyimə görə daha müdafiə edə bilməyiblər. Məni iki-üç dəfə çağırıblar ora. Görüblər ki, daha dayanmıram, məni müdafiə edənlər də aciz qalıb, səs çoxluğu ilə (27 nəfər lehinə, 7 nəfər əleyhinə) tutdular.

Kollegiya olub?

Hə, kollegial səs verilib ki, həbs olunsun. Ondan sonra həbs etdilər. Amma bəzi adamların rəğbətini hiss edirdim. Görünür, yəqin onlar da mənim dediklərimi oxuyanda fikirləşirdilər ki, düz deyirəm. Yəni burada səhv şey yoxdur, hamı məsələnin nə şəkildə olduğunu görür, amma hərə bir cür düşünür ki, hələ dövrü deyil və s.

Həmişə qələmlə işləyən adamın birdən-birə daş daşıması yəqin ki, çox çətin oldu?

Dövlət Təhlükəsizliyi Komitəsində pis davrananlar da vardı, tutmağa meyli olanlar da vardı. Ən pisi bu idi ki, istəyirdilər kollektiv tutsunlar, yəni mənimlə bərabər müəllim yoldaşlarımdan, yaxın dostlarımdan, tələbələrimdən də bir neçəsini tutsunlar, bunu böyütsünlər. Onların bu cür yanaşmasından duyulurdu ki, təqribən 10-15 nəfər tutulmalıdır. Mən də çalışırdım ki, tək gedim, yəni ətrafımda tələbələrim, müəllim və yoldaşlarım olmasın. Mən deyirdim ki, hamısını mən eləmişəm, nə varsa öz üstümə götürürdüm. Hətta bunu dedilər ki, sən hər şeyi üstünə götürüb istəyirsən ki, tək gedəsən, yoldaşlarını xilas edəsən – bu olmayacaq. Çox bərk girişmişdilər. Sonra bunun qarşısı bir az alındı, görünür, buna «yuxarı»da «böyüklər»in təsiri olub ki, cavanlar tutulmasın, ya nəsə.
Daş daşımağa gəldikdə isə, maddə vardı, özümə oxudular ki, siyasi işlər üzrə tutulan adamlar islah-əmək düşərgələrində ən ağır işdə işlədilməlidir.

Mən elə bilirdim ki, siyasi dustaqları fiziki işlərdə işlətmirlər.

Mən də əvvəl elə bilirdim. Yox, yox, əksinə; guya onlar ən ağır işdə işlədilməklə islah olunacaqlar.
Məni əvvəl apardılar daş kəsilən yerə – daş karxanasına…

Respublikada?

Respublikada, Qaradağda.
Orada həbsxana var, indi, deyəsən, dağıdıb ləğv ediblər. Ora yaşadığımız yerdən təxminən 1-2 kilometr aralı idi. Gündə düzürdülər itləri qabağa, əsgərlər ətrafımızda, itləri üstümüzə quşqurdurdular. Yoldan çıxmaq olmaz. Bir balaca etiraz edən kimi başımızın üstündən güllə atırlar: «yatın yerə!», nə bilim nə…
Çox əzab-əziyyət, vəhşilik içərisində idik. Bir-iki dəfə tüfəngi mənim üstümə dirəyiblər, çünki iti quşqurdublar dustaqların üstünə, mən cumub itə təpiyimlə vurmuşam, vuranda tüfəng çəkiblər üstümə. Sonra uşaqlar məni müdafiə ediblər. Orada belə şeylər olurdu. Deyirdilər ki, gündə 900-950 daş yükləməlisiniz maşına, o yekə daşlardan. Bir-iki gün elə işlətdilər. Sonradan uşaqlar başladılar kömək etməyə. Çox vaxt yükləməyi özləri edirdilər; görürdülər ki, mənim gücüm çatan şey deyil. Məhbusların köməyi olmasaydı orada mənim vəziyyətim yəqin ki, çox ağır olardı.

Siyasi məhbuslar da var idimi?

Yox, bir nəfər də siyasi məhbus yox idi. Tutulanların böyük bir hissəsi sürücülərdi – yol qəzalarında özünün qohum-qardaşı yanında ölüb, tutub salıblar bura. Torpaq üstündə tutulanlar vardı, oğrular vardı, adam öldürənlər var, ev talayanlar vardı…

Çox maraqlıdır, Bəy, onlar başa düşürdülərmi səni – Bəy nə istəyir? Gülmürdülər ki?

Yox. Onlar xüsusən bir şeyə görə mənə hörmət edirdilər – Dövlət Təhlükəsizliyi Komitəsində yatmağıma. Həbsxanada yatanların bir qanunu var – dostunu, yoldaşını satmamaq. Heç kimi satmamısan, tək özün girmisənsə hörmət edirdilər. Mən ora girməmişdən bilirdilər, gələn kimi dedilər ki, istəyiblər çox adam tutsunlar, heç kəsi satmamısan, ona görə sənə hörmətimiz var. «Vurub-tutan», oğru ideyasını aparan uşaqlar ki deyirlər, onlar yığılıb müzakirə eləyib belə qərara gəlirlər ki, bu adam toxunulmaz adamdır; ona hörmət edilməlidir; bu da imperiyaya qarşı mübarizə aparır, biz də (onlar da özlərini imperiya ilə vuruşan sayırlar, onların öz ideyası var).
Orada cavanları, elə başqalarını da çox suallar maraqlandırırdı: siyasi suallar, həyat sualları, SSRİ-yə dair suallar, dini suallar… Çox vaxt deyirdilər ki, sən o cür bizə onları izah elə, işini biz görərik. Gedib tez maşını yükləyib gəlirdilər. Mən onlarla söhbət aparırdım. Ona görə mənim hörmətimi saxlayırdılar.
Orada da DTK-nın öyrətdiyi adam vardı, mənə ilişirdi. Ancaq özüm üstündən keçirdim ki, eybi yoxdur. İki dəfə məni öldürmək istəyiblər. Bir dəfə gecə qaranlıqda ara qarışdı. Mən keçdim adamları aralamağa (bir-birini bıçaqlayırdılar; aranı bilə-bilə qatmışdılar), o zaman məni vurmaq istəyəndə arxamda adam olub, o qoymayıb, bıçağı tutub alıb. Sonra vurmaq istəyəni bildim. O, öyrədilmiş adamdı. Dandı, dedi ki, qaranlıqda səni heç tanımamışam.
İstəyirdilər ki, məni həbsxanada bir də dolaşdırıb, işi artırıb başqa yerə göndərsinlər. Özüm ərizə yazdım ki, mən siyasi dustağam, burada qalmaq istəmirəm, xahiş edirəm məni göndərin siyasi dustaqlar olan düşərgəyə. O ərizəni rədd etdilər. İki dəfə yazdım, qəbul etmədilər. Sonradan hiss etdim ki, məni buraxmaq da istəmirlər. İki-üç dəfə istədilər ki, işi qurdalasınlar. Ancaq yenə başa düşmədim, görünür, vətənpərvər insanlar kömək etdilər işin uzanmamasına. Məsələn, orada dustaqlar vərəqə yaydılar ki, qalxın! İndi bizim «Azadlıq» qəzetində olan «El gücü – sel gücü!» şüarı altındaydı, bir neçə də mənim ifadələrim. Dedilər ki, bu ifadələr DTK-da sənin sözlərin kimi dəftərə düşüb, bu yazı sənin olar. Bildirdim ki, bu sözləri camaata burada da danışmışam, amma bu yazı mənimki deyil, o vərəqəni yaymamışam. Belə-belə şeylər eləməyə çalışırdılar.

Ümumiyyətlə, dustaqlıq həyatı düşüncələrinə təsir etdimi?

Dustaqlıq həyatı çox ağırdır; o da bir dərsdir, yəni haqlı, yaxud haqsız əzilən insanlar orada çoxdur. Orada hər cür insan var; həyatın, bir növ, dibidir. Həyatın dibinin haradan başladığını adam görür. Cəmiyyətlə daha yaxşı tanış olursan, çünki orada müxtəlif zümrələri təmsil edən hər cür adam var.
Ancaq psixoloji cəhətdən çox çətindir; dözmək olmur, çox ağırdır. Məsələn, görürsən ki, 19-20 yaşında cavan uşaqlardır. Kiçik bir sözün üstündə bir-birinin üstünə bıçaq çıxartdılar. Sən də həmişə bıçağın arasına girirsən, aralaşdırmayanda olmur (ağsaqqallıq məsələsi var). Elə olub iki bıçaqlaşanın arasına girmişəm, biri arxadan bıçağı kürəyimə dirəyib ki, çəkil, vururam. Demişəm ki, vursan da çəkilməyəcəyəm. Axırda hirslə bıçağı vurub daşa, çıxıb gedib. (Həmin o iki nəfər bir aydan sonra barışdılar, gəlib məndən üzr istədilər. Həmişə minnətdarlıqla deyirdilər ki, sən olmasaydın ikimizdən birimiz ölməli idi, birimiz də doğranacaqdı). Belə şeylər çox olurdu. Sonradan mənə hörmət bir az da çoxalırdı.

Bəy, dustaqdan çıxandan sonra ilk siyasi tədbirin necə oldu, harada oldu? Yoxsa siyasətdən bir müddət uşaqlaşmağa məcbur oldun?

Heç bir məcburiyyət yoxdu. Mən çıxanda bir qərar vardı ki, kim haradan tutulubsa həmin yerə işə qayıtmalıdır. Mən də qayıtdım universitetə, dedim ki, öz yerimə qayıtmalıyam. Rəhmətlik Faiq Bağırzadə baxdı, soruşdu ki, sən kimsən ki? Dedim filankəsəm. Dedi ki, hə, dünyanı qatışdıran o filankəs sənsən? Mənim səndən xəbərim olmayıb. Cavab verdim ki, elə bəla orasındadır ki, universitetin müəllimi tutulur, bundan rektorun xəbəri olmur.

Onun dövründə tutulmuşdun?

Hə. Onun dövründə. Mən tutulandan sonra hətta universitetə xüsusi işlər üzrə dördüncü prorektor da əlavə etdilər – DTK-nın podpolkovnikini. O adam da məni gördü. Yaşlı adam idi. Məni otağına apardı. Dedim ki, mənim sənədlərim sizdədir. Mənə bircə şey dedi ki (görünür ki, daha təqaüdə çıxdığına, son dövrlərini yaşadığına görə), oğul, qanun qəvinindir (güclünündür – Ə.T.), sən şərqşünassan. Güclü olsan hər şey sənin olacaq, gücsüz olsan qanunsuz sayılacaqsan, səni əzəcəklər. Bu sözü yadında saxla. Dedi, vəssalam, sənədlərimi verdi, çıxıb getdim.
Universitetə götürmədilər. Gəldim Şərqşünaslıq İnstitutuna. Rəhbərlik məni işə götürmədi. Görünür, fikirləşib ki, məndən nə qədər uzaq olsa qulaq dincliyidir

Elcibeyle-musahibeler