Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Müxalifətçilik adı altında dövlətə və cəmiyyətə müxalifətçilik...” I hisse

“Müxalifətçilik adı altında dövlətə və cəmiyyətə müxalifətçilik...” I hisse
Fərəc Quliyev: “Seçki ilini bəhanə edib başqa dövlətlərdəki dairələrin istəklərini gerçəkləşdirmək mümkün olmayacaq. Bu, ən yüngül adlandırsaq, vətənə xəyanətdir”

İctimai-siyasi proseslərlə bağlı olaraq müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdir.


-Müxalifət düşərgəsində seçki ilə bağlı olaraq zəif də olsa, müəyyən təşkilatlanma cəhdləri var. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu, normal prosesdir ki, siyasi qurumlar seçki ilə bağlı olaraq müəyyən formatlar ortaya çıxarmağa çalışırlar. Amma bu proseslər mövsümi xarakter daşıyır. Mən hesab etmirəm ki, seçkiyə lap az qalmış həmin müxalif qruplar arasında razılaşmalar mümkün ola və onların hər hansı formatı müsbət nəticə verə bilər. Həmin qrupların mövsümi fəaliyyətlə hansısa siyasi nəticəyə nail olacaqlarını düşünmək sadəlövhlük olardı. Doğrudur, eyni mövqeli və baxışlı, dünyagörüşlü təşkilatların seçki dönəmində bir araya gəlməsi daha yaxşı olardı. Amma hər hansı fərqli-fərqli qütblərdə olan, tamam fərqli düşüncəli, fərqli dairələrə işləyənlərin, ziddiyyətli zehniyyət daşıyanların seçki adı altında bir araya gəlib nəyəsə nail olacaqları inandırıcı deyil. Bu cür müxalif “mərkəzlər” lap ideal vəziyyətdə hər hansı bir uğur qazansaydılar belə, onların bir yerdə fəaliyyəti və ölkəni bir yerə apara bilməsi mümkün olmayacaqdı... Çünki istənilən məsələdə davalaşmaya və parçalanmaya kökləniblər.

-Müxalifət bu cür antoqonist mövqelərdən niyə qurtula bilmir?

- Mən həmişə çalışmışam ki, qütbləşmələrdən qaçaq və bir bütünləşməyə nail olaq. Azərbaycan cəmiyyətində qütbləşmədən bütünləşməyə keçid olmalıdır. Bizim baxışlarımız da bu məqama köklənir. Hesab edirik ki, Azərbaycanda “mərkəz alan” təfəkkür sistemi birliyi təmin edən bir sistem olmalıdır ki, siyasi qüvvələrdə də dövlətçilik təfəkkürü güclü formalaşsın və inkişaf etsin. Bu düşüncə birliyi hər kəsdə hakim olmalıdır. İnsanlar əvvəlcə düşüncə birliyinə nail olmalıdırlar. Bunun üçün də çalışırıq ki, cəmiyyətin müəyyən tərəfləri, təbəqələri arasında konsolidasiya prosesləri getsin. Hakimiyyət uğrunda dava olmamalıdır, hər kəs özünün resurs bazasına və xalqına söykənərək dövlətçilik üçün çalışmalıdır.

“Dövlət maraqlarını satmaqla hər hansı bir mövqe qazanacaqsansa, bu nə vətəndaş, nə də siyasətçi mövqeyi olacaq. Bu yalnız satqın mövqeyi adlandırıla bilər”

-Bəs bu gün müxalifətdəki qüvvələr “təmərküzləşmə” adı altında hansı proseslərə rəvac verirlər?

- Təəssüflər olsun ki, bu ad altında Azərbaycanda xarici qüvvələrin, antimilli xarici dairələrin dominant formada oturuşması üçün şərait yaratmağa çalışan müxalif qüvvələr var. İstər zehniyyəti özlərinə uyğun yumaq baxımından, istərsə də digər formalarda buna uğursuz cəhdlər edirlər. Bu məsələdə elə azərbaycanlıların əli ilə xaricilərin ölkəmizə təsir imkanlarını artırmaq, gücləndirmək istəyirlər. Bəziləri bu qaranlıq məqsəd ətrafında birləşməyə çalışırlar. Bu, çox zərərli bir şeydir. Amma seçki ilini bəhanə edib başqa dövlətlərdəki dairələrin Azərbaycandakı istəklərini gerçəkləşdirmək, təbii ki, mümkün olmayacaq. Bu, ən yüngül adlandırsaq, vətənə xəyanət etməkdir. Öz dövlətinin, millətinin, vətəninin maraqlarını başqa dövlətlərin, onlardakı dairələrin maraqlarına qurban verilməsi üçün seçki ilinin bəhanə kimi istifadə edilməsi çox rüsvayçı bir mövqedir. Bu mövqe ona görə də Azərbaycan cəmiyyətində uğur qazana, qəbul oluna bilməz. Hakimiyyətə alternativ ola bilmək üçün daha uyğun platformalar təqdim etmək, daha mobil, bilikli, bacarıqlı komanda təqdim etmək, Azərbaycanın daha yaxşı inkişaf yollarını göstərə bilmək lazımdır və yalnız bununla xalqın səsini qazanmaq olardı. Halbuki müxalifətdəki qruplar bunu edə bilmir, çünki bu səviyyədə və məqsəddə deyillər. Onlar hakimiyyətə müxalifətçilik adı altında dövlətçiliyə, dövlətə və cəmiyyətə müxalifətçilik yolunu tutublar. Bu isə öz ölkənə, dövlətinə qarşı çıxmaqdan başqa bir şey deyil. Bu gün, çox təəssüflər olsun ki, indi müxalifətdə təmsil olunan, o vaxt hakimiyyətdə olmuş bəzi şəxslər Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deməyən, bunu “mübahisəli” ərazi sayan bir zehniyyətin yanındadırlar. Bu da olduqca biabırçı bir haldır və həmin qüvvələrlə bağlı oriyentiri açıq göstərir. Bütün bunlara görə də müxlaif qrupların bəzilərinin seçki prosesləri ilə bağlı davranışlarından narahatlığımı və etirazımı bildirmək istəyirəm. Birlik lazımdır, amma bu cür antiazərbaycan məqsədlərlə birləşmək üçün yox. Nəzərə almaq lazımdır ki, hər yerdə hakimiyyət keçici, müvəqqətidir, əsas dövlət və onun sonrakı taleyidir. Bu tale üçün siyasətçi olan da, olmayan da ən azından məsuldur. Bunun üçün mənəvi ölçü, mənəvi keyfiyyət olmalıdır. Siyasi fəaliyyətin siyasi mənəviyyat, siyasi tərbiyə tərəfini bir kənara atmaq olmaz. Ölkənin maraqları və gələcək taleyi bu baxımdan heç vaxt unudulmamalıdır. Siyasətdə dövlət və milli maraqlar şəxsi və qrup maraqlarının fövqündə durur - bu əsas məqam həmin qruplar tərəfindən həmişə unudulur. Dövlət maraqlarını tapdalamaqla, satmaqla hər hansı bir mövqe qazanacaqsansa, bu nə vətəndaş, nə də siyasətçi mövqeyi olacaq. Bu, yalnız satqın mövqeyi adlandırıla bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan cəmiyyəti bütün bu məsələlərdə ayıq-sayıq olmalıdır.

“İndi müxalifətdə olan, o vaxt hakimiyyətdə olmuş bəzi şəxslər Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deməyən, bunu “mübahisəli” ərazi sayan bir zehniyyətin yanındadırlar”

“Seçki” və “demokratiya” adları altında xarici qüvvələrin maşasına çevrilən qruplara qarşı barışmaz və ifşaedici mövqedən çıxış etmək günün tələbidir. Burada həm normal siyasətçi, həm də vətəndaş öz sözünü deməlidir. Çünki gələcəyimizi və milli dövlətçiliyimizi bununla qorumuş və zərərli ünsürləri zərərsizləşdirmiş oluruq. Onların bu cür antiazərbaycan davranışları ölkəmiz üçün təhdiddir. Mən həm partiyamızın, həm də cəmiyyətimizin mənafeyinə və maraqlarına uyğun olaraq hamını çağırıram ki, müxalifətdə bu tipli “toparlanmalar” barədə ayıq olsunlar. Çünki hər kəs yalnız Azərbaycanda demokratik seçkinin keçirilməsi üçün toparlanmanın tərəfdarı olmalıdır. Yoxsa xarici qüvvələrin və dairələrin ölkəmizi zəiflətmək, milli inkişafımızı laxlatmaq üçün ölkəmizə ayaq açması və girməsini təqdir edə, yaxud da buna imkan verə bilmərik. Çünki bütün bunlar cəmiyyətimizə, özümüzə, ailəmizə qarşıdır.

-Bildirdiyiniz kimi, müxalifətdə bəzi qruplar seçki ilinin olmasından yararlanaraq xarici qüvvələrin, antiazərbaycan dairələrin maşası rolunu öz üzərlərinə götürməyə çalışırlar. Bunun üçün onların hətta müxtəlif xarici ölkələrə səfərlər planlaşdırması da gözlənilir. Məsələn, “milli şura”da təmsil olunanların tez-tez Moksvaya səfərini, yaxud da ABŞ-a səfərə can atdıqlarını görürük. Bu, nə deməkdir?

- Dediyim kimi, normal qaydada hər hansı bir ölkə ilə əməkdaşlıq mümkündür. Azərbaycan isə hazırda bütün qonşularla, bütün ölkələrlə “sıfır problem” siyasəti yürüdür. Mən də bunu qəbul edirəm. Azərbaycan istəyir ki, bütün qonşularla yaxşı münasibətləri olsun. Amma iradəmizdən asılı olmayaraq qonşular bizə qarşı fərqli davranış nümayiş etdirirlərsə, buna adekvat addımlar atmaq və bunun cavabını vermək lazımdır. Bu baxımdan bəzi müxalif qrupların xarici dairələrdə tərəfdar axtarması, bununla bağlı çabalarının qaranlıq tərəfləri və antimilli xüsusiyyətləri barədə düşünməyə dəyər. Nəzərə almaq lazımdır ki, istənilən siyasətçinin, vətəndaşın davranışı sonda milli təhlükəsizliyə xidmət etməlidir, milli təhdidlərə yox. Azərbaycanın milli təhlükəsizliyini təhdid altında saxlayan istənilən davranış, əlaqə, görüş və kənardan verilən dəstək Azərbaycanda qəbuledilməzdir. Buna qarşı barışmaz olmaq lazımdır. Azərbaycanda hər bir ölkənin maraqlarının olması normal haldır. Ölkəmiz müxtəlif məsələlərə görə cəlbedicidir və oynadığı rola, dünyadakı mövqeyinə görə olduqca böyük əhəmiyyət kəsb edir. Ölkəmiz mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkanda yerləşir. Azərbaycan iqtisadi mənada qızıl körpüdür. Böyük enerji layihələrinin müəllifiyik. Üstəlik də ölkəmizin yerləşdiyi bölgədə çox ciddi və qlobal hadisələr baş verir. Çünki burada ən müxtəlif maraqlar təmsil olunur. Bizimlə xarici ölkələrin əməkdaşlığa can atması çox normal və müsbət bir məsələdir və bu cür əməkdaşlıqlar getdikcə də güclənməkdədir. Xarici ölkələr və beynəlxalq aləmlə əməkdaşlıqda ölkəmizin ciddi nailiyyətləri və irəliləyişləri var. Bu baxımdan bəzi ölkələrdəki dairələrin məkrli məqsədlərlə bəzi müxalif qrupları ələ almasına çalışması yalnız bizim xarici aləmdəki təsirimizi və gücümüzü, müstəqil oyunçu olmağımızı zəiflətmək məqsədilə edilən qəsdlərdir. Biz yalnız bu cür dairələri və onların əlaltılarını ifşa etməliyik.

ardı növbəti sayımızda...

İlkin AĞAYEV "Palitra" qəzeti