Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev: -Məqsəd Türkiyəni böyük oyunlardan, söz sahibi olmaqdan çıxarmaqdır

Fərəc Quliyev: -Məqsəd Türkiyəni böyük oyunlardan, söz sahibi olmaqdan çıxarmaqdır “Kim olursa olsun bu dildə danışmaq terror dilidir və arxasında kim dayanırsa dayansın cavab verməlidir”.
Bu fikirləri Azadinform-a millət vəkili Fərəc Quliyev Rusiya səfiri Andrey Karlovun Türkiyədə öldürülməsinə münasibət bildirərkən deyib. Millət vəkili hesab edir ki, bütün beynəlxalq birlik və dövlətlər ciddi şəkildə bu işin arxasında kimin dayandığını öyrənməli və cəzalandırmalıdırlar: “Təbii ki, biz bu hadisəni tam qətiyyətlə pisləyirik. Burada hər halda məqsəd provakasiyadır, Türkiyə-Rusiya əlaqələrinə zərbə vurmaq və bir az da Türkiyəyə etimadın azaldılması, Türkiyənin güvənsiz ölkə olduğunu nümayiş etdirməkdir. Əvvəlki terrorlar turizmə, iqtisadiyyata zərbə vurmağa yönəldildi, indi də başqa ölkələrin səfirlərinə və orada yaşayan əhaliyə ehtiyatlı olun, Türkiyəyə getməyin deyə çağırış etməyə, ölkəni təcrid etməyə yönəldilibdir. Həm də Suriyada baş verən hadisələr, Türkiyənin tutduğu mövqe, dollarla bağlı münasibətlər də bu işin arxasında ola bilər. Təbii ki, bunlar bir ehtimaldır. Amma hər halda Türkiyənin daxilində olan PKK terror təşkilatının fəaliyyətini də istisna etmək mümkün deyil”.
F. Quliyev qeyd edib ki, artıq ölən polisin FETÖ-ya bağlılığı da var: “Məncə, bu böyük bir çetenin (qruplaşmanın) işidir, amma arxasında böyük güclər dayanır. Məqsəd isə Türkiyəni böyük oyunlardan, söz sahibi olmaqdan çıxarmaqdır. Yəni ola bilər ki, bu iş kiminsə üstündə qalsın, lakin ümumiyyətlə məqsəd Türkiyəni bu bölgədə Yaxın Şərq projesindən kənarda qoymaq, Türkiyənin bölünməsi üçün zəmin hazırlamaq, Türkiyəni iflasa salmaqdır. Ancaq düşünürəm ki, Türkiyə xalqı özündə güc tapacaq və vəziyyətdən çıxacaq”.

Ləman Hüseynzadə / AZADİNFORM