Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları və birgə yaşayış gözləntiləri...

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları və birgə yaşayış gözləntiləri...
Martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan 103 il ötdü. Tarixdən məlumdur ki, ermənilər təkcə 1918-ci ildə deyil, son 2 əsrdə azərbaycanlılara qarşı dəfələrlə soyqırım, kütləvi qırğınlar törədiblər. Bunu araşdırmaq üçün tarixi ardıcıllığa nəzər salmaq yetərlidir.

1890-cı ildə Tiflisdə ermənilər Rusiyanın himayəsi ilə “Böyük Ermənistan” yaratmaq üçün “Daşnaksütyun” partiyasını yaratdılar. Bu partiyanın dəstəyi ilə ermənilər 1905-ci il fevralın 6-da Bakıda, fevralın 21-23-də İrəvanda, mayın 5 və 7-də Naxçıvanda kütləvi qırğınlar törədiblər. Mayın 23-də isə İrəvanda Qaraçay bağçasında müsəlman gənclərə qarşı hücumlar edilir. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə, 3-də isə Güllücə kəndinə hücum ediblər. Əliyalın əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçıb, oraya sığınıblar. Lakin burada da qırğınlar törədilib. Ermənilər Şörəyol, Pəmbək, Eçmiəzdin, qəzalarında azərbaycanlılara divan tutaraq, kütləvi qırğınlar törədiblər. Bu barədə yazılan mənbələrdə bildirilir: “Ermənilər uşaqların, qocaların, qadınların ayrı-ayrı əzalarını doğrayıb, başlarını kəsir və bundan nümayişkaranə qürur duyurdular”.

1905-ci il iyun ayının 9-da silahlanmış ermənilər Eçmiəzdinin Təkiə kəndinə hücum edərək, camaatı vəhşicəsinə qətlə yetirib, güllədən, qılıncdan keçiriblər. Bu azmış kimi, həmin vaxt Qafanın Karxana kəndindən qaçıb, qayaların arasında sığınacaq tapmış 30-dan artıq qadını vəhşicəsinə qətlə yetiriblər. Daha sonra isə Qarabağa, noyabr ayında Gəncəyə soxularaq, qətliamlar törədiblər.

1905-1906-cı illərdə Gəncə quberniyasında 200-dən artıq yaşayış məntəqəsi ermənilər tərəfindən viran qoyulub, əhalisi isə qəddarlıqla qətlə yetirilib. Avqust ayının 1-də ermənilər Zəngəzurun 3500 nəfərlik Qatar kəndinə hücum edib. Daha sonra isə Aralıq, Pirdavdan, Atqız kəndlərini yerlə-yeksan ediblər.

1918-ci ildə baş verən mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Yenə də ermənilər öz xislətlərinə sadiq qalaraq, uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirir, diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdırdılar.

Martda Bakıda törədilən soyqırım nəticəsində şəhərin böyük bir hissəsi tamamilə xarabalığa çevrilmişdi. Təkcə bir həftə ərzində şəhərdə 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur - yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər...”.

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq, məhv edilib.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 74 il sonra, XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.

Təkcə Xocalıda deyil, işğal olunan digər ərazilərdə də sivil insanlara misli görünməmiş vəhşiliklər törədilib. Erməni vəhşiliyinin qurbanı olanlar arasında körpə, azyaşlı uşaqlar, hamilə qadınlar, qocalar da var.

Erməni vandailizmi, vəhşiliyi 28 ildən sonra yenidən təkrarlandı. İşğaldan azad olunmuş ərazilərdən çıxan ermənilər dünyanın gözü önündə ərazilərə od vurur, təbiəti məhv edir, yaşadıqları evə belə od vurmaqdan çəkinmirdilər.

Bəs bütün bunlardan sonra iki xalqın dinc, yanaşı yaşaması ilə bağlı gözləntilərin doğrulması mümkündürmü?

Fərəc Quliyev: “Azərbaycana qarşı törədilən soyqırımların unudulmasının deyil, bütün detalları ilə onun təbliğ olunmasının tərəfdarıyam”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də qeyd etdi ki, tarixdə baş verən hadisələri unutmaq olmaz:

“Mən demirəm ki, xalqlarla düşmən olmalıyıq. Lakin nə qədər sıfır qonşuluq siyasəti yürütsək də qonşularımız bizimlə fərqli davranır.

Nəzərə almaq lazımdır ki, ermənilərin təcavüzü əvvəlcədən planlaşdırma asemus, aqressimus formalaşdırıblar və zaman-zaman bu fonları dəyişmir. Ona görə də hər zaman mütəmadi olaraq buna hazır olmalıyıq.

Diqqət etsək görərik ki, 100 il baş verənlərlə indi baş verənlər arasında heç bir fərq yoxdur. Yüz il əvvəl onlar Qeysəriyyəni yandırırdılarsa, bu gün işğaldan azad olunan Azərbaycan torpaqlarını tərk edərkən, öz evlərini, əraziləri yandırırlar. Yüz il əvvəl «Təzəpir» məscidini top atəşinə tutmuşdularsa, bu gün Ağdam və digər məscidlərimizi dağıdıb və yaxud yerlə-yeksan ediblər. Və yaxud əhalimizi qırmaq, deport etməklə bağlı planları da eynidir. Bunların hamısı siyasətdir və təsadüfən baş vermir. Ona görə də bir daha qeyd edirəm ki, biz mütəmadi olaraq, güclü olmalıyıq.

Beləliklə, ermənilər qonşuluğumuzda olduqları üçün onların bizə qarşı törətdikləri soyqırımı unutmaq, bölgəyə və proseslərə yeni baxışlarla baxmaq doğru deyil. Biz Azərbaycan torpaqlarına iddialı olmayan dövlətlərlə normal münasibətlər qurmalıyıq. Həm də nəzərə almalıyıq ki, qonşumuzdakı dövlət imkanı, fürsəti olduqca bizə qarşı aqressiv davranacaq. Ona görə də Azərbaycana qarşı törədilən soyqırımların unudulmasının deyil, bütün detalları ilə onun təbliğ olunmasının tərəfdarıyam".

Xalidə GƏRAY/“Yeni Müsavat”