Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu

Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
Ağdam rayonunun ərazisi 1150 kv.km-ə bərabərdir. Bu ərazinin üçdə iki hissəsi, yəni təxminən 750 kv km-i keçən ilə qədər işğal altında olub.
Uzun müddət aparılan danışıqlardan sonra Ermənistan tərəfi bu ərazidə 97 min ədəd piyada və tank əleyhinə mina basdırdığını etiraf edib və mina xəritəsini təqdim edib. Beləliklə, hələ etiraf etdiklərinə görə, bu ərazinin hər kvadrat kilometrində orta hesabla 130 mina basdırılıbmış. Lakin xəritənin verilməsindən sonrakı dövrdə Paşinyanın öz etirafından belə məlum olub ki, onlar basdırılan minaların kiçik bir qisminin xəritəsini təqdim ediblər. Üstəlik, son 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin ümumi sahəsinin Ağdam rayonunun sözügedən sahəsindən 25 dəfə çox olduğunu və o ərazilərin də başdan-başa minalandığını nəzərə alsaq, düşmənin öz mürdar xislətini nə dərəcədə nümayiş etdirdiyini, nə qədər insanlıqdan uzaq olduğunu təsəvvür etmək çətin deyil.

Biz illərdir dünyadan haqq səsimizi eşitməsini gözlədik, cavab almayınca cənab Ərdoğanın təbiriylə desək, “öz göbəyimizi özümüz kəsdik”. Kiminsə bizim üçün nəsə edəcəyini gözləmək müstəqilliyimizi bərpa etdiyimiz dönəmdə sadəcə zaman aldı, 30 il gözlədik. Hər bir fövqəldövlətin bizim coğrafi məkanımlzda özünəməxsus dövlət marağı var və biz öz məqsədyönlü siyasətimizlə o maraqların zərərli hissəsini yumşaltmağa çalışmalıyıq. Buna bir hissə nail olmuşuq deyə bilərik. Sosial şəbəkə izləyicilərinin bir qrupu, müxalifət partiyalarının bəziləri mina xəritəsinə qarşılıq əsir mübadiləsini tənqid etməklə məşğuldur. Bəs bardağa dolu tərəfdən baxanlar da varmı, varsa, nə görürlər?

Bizimyol.info-nun sualını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev cavablandırır.

“Ermənistanın əsir adlandırdığı, amma faktiki olaraq terrorçu olan şəxslərin bir qisminin mina xəritələri müqabilində qaytarılması bir neçə baxımdan dəyərlidir. Əvvəla, Ermənistan mina xəritələrini verməklə etiraf etdilər ki, kiçik bir ərazidə 97 min mina basdırıblar. İkinci bir tərəfdən bütün dünya gördü ki, Ermənistan tərəfi işğal edilmiş ərazilərimizdən çıxmaq üçün əlavə vaxt istəyəndə, biz humanist davransaq da, onlar bu dövrdən mina basdırmaq üçün istifadə etdilər. Beynəlxalq təşkilatlar anlamalıdırlar ki, Ermənistana inanmaq olmaz və hər fürsətdən Azərbaycana zərər vermək üçün istifadə edirlər. Üçüncü məqam budur ki, vasitəçilər ortada oldular. Azərbaycan Gürcüstan və Amerikanın vasitəçiliyinə qapı açdı və bildirmək istədi ki, bizin Minsk qrupunu diriltmək cəhdlərinə “yox” deməyimiz onu göstərir ki, münaqişə bitib, prosesləri geri çevirmək mümkünsüzdür, amma sülh prosesinin davamlı olmasından qaçmırıq. Müəyyən humanitar tənzimləmələr üçün vasitəçilərin yardımına açığıq. Rusiyanın proseslərə birmənalı şəkildə hakimlik eetməsinə bu addımla son verilmiş oldu. Əslində burada mina xəritələrinin verilməsi və 15 təxribatçının qaytarılması onu göstərdi ki, Azərbaycan çoxvektorlu fəaliyyət göstərməkdə maraqlıdır və prosesi heç kimin birmənalı şəkildə ixtiyarına buraxmaq fikrində deyil. Bu, ciddi mesajdır. Kiçik ərazidə 97 min mina basdırılmasını görən beynəlxalq aləm anladı ki, bu kütləvi şəkildə əhalini qırmağa hesablanmış addımdır. Minaları demək olar, səpiblər. Hər kvadrat kilemtrə 130 mina düşür. Nəzərə alsaq ki, başqa ərazilərimizdə də mina basdırılması Ermənistan tərəfindən etriaf olunur və Paşinyan da etiraf edir ki, bu minalanmış ərazilərin cüzi bir hissəsinin xəritəsidir, o deməkdir ki, onlar bizi kütləvi soyqırıma məruz qoymaq istəyiblər. Bunu öncədən planlaşdırıblar. Müharibənin fəsadlarını aradan qaldırmaq dünya praktikasında görülmüş məsələdir və heç bir şərt qoymadan xəritələr verilməliydi. Qarşılıqlı etimaddan, kommunikasiyaların açılmasından söz gedirsə, sərhədlərin və Ermənistanın Türkiyə ilə Azərbaycanın ərazilərinə iddialarına son verməsindən sonra normal qonşuluq münasibətlərindən söz gedirsə, xəritələr verilməliydi.

97 min minanı zərərsizləşdirmək üçün xeyli vəsait və zaman tələb olunur. Üstəlik, nə qədar insan itkisi baş verə bilərdi. Bu baxımdan da yanaşmaq lazımdır. Bu hakimiyyətin 10 noyabr sazişini imzalamasına ifrat tənqidlə yanaşanlara da cavab oldu. Biz ərazilərimizi sülh yolu ilə deyil, müharibə ilə qaytarmış olsaydıq, bu 97 min mina 97 min əsgər ölümü demək idi. Göstərilən kursun və vizionun düzgün olduğunu görürük, hakimiyyətin bu istiqamətdəki siyasətini səbrli və düzgün hesab edirəm.

Minalanmış xəritə saxta ola bilərmi? Saxta olarsa, bu, Ermənistana ucuz başa gəlməz. Onlar vasitəçiləri də, özlərini də etimadsız duruma sala bilərlər və Azərbaycanın da əlinə yeni təzyiq vasitələri vermiş olarlar. Başqa təzyiq vasitəmiz varmı? Əlbəttə var. Qoyduğumuz şərtlərin bəzilərinə əməl edildi. Əsas 3 böyük rayonumuzu döyüşsüz geri aldıq. Bundan sonra antiterror əməliyyatları keçirmək imkanlarımız qalır. Xəritələr saxta olarsa, bizim atəşkəsin pozulduğunu elan eləmək hüququmuz var. Mina da döyüş vasitəsidir - hər mina partlamasına qarşı adekvat tədbir görmək olar. İnfrastrukturların və logistik imkanların dəyərləndirilməsinə də yenidən baxıla bilər. Pozucu davransalar, Laçın dəhlizini bağlamaqla təzyiq göstərmiş olarıq. Ümumilikdə mina xəritəsi qarşılığında 15 nəfərin geri verilməsini doğru yanaşma hesab edirəm”,- deyə siyasətçi qeyd edib.

İlhamə Rəsulova/bizimyol.info