Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

YOLBAY

ƏN KƏSƏ YOL

ƏN KƏSƏ YOL Bir zamanlar quzeydə Dərbənddən güneydə Həmədan əyalətinə, doğuda Xəzərdən batıda Göyçə gölünün batı əyalətlərinədək olan torpaqlarda yerləşmiş qüdrətli Böyük Azərbaycan XIX yüzilin birinci rübündə Rusiya imperiyasının 2 dəfə, üst-üstə götürdükdə 11 il davam edən qanlı müharibələri nəticəsində əvvəl 2 hissəyə, sonralar bir neçə hissəyə parçalandı. Elə bununla da Böyük Azərbaycanın 187 il davam edən faciəsi başlandı. Azərbaycan torpaqları hərrac bazarına qoyuldu. Kim istədi satdı, kim istədi aldı, kim istədi bağışladı. Bütün bu dövr ərzində Azərbaycan xalqı amansız qırğınlara məruz qaldı. Torpaqlarımız vaxtı ilə Türkiyə, İran, Ərəbistan, Hindistan və Balkan bazarlarında girlənən erməni fırıldaqçılarına satıldı, hədiyyə verildi.


İranın, Rusiyanın kölə və yarımköləsinə çevrilmiş xalqımız bütün bu tarix boyu çabaladı, çalışdı, irəliləmək üçün deyil, yalnız və yalnız öz varlığını qoruyub saxlamaq uğrunda vuruşdu. Bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə qaçqın getdi, yurdda vuruşanlar dağlara qaçaq düşdü, 100 il boyu Azərbaycanı qaçaq hərəkatı bürüdü. Yabançı generallar, sərdarlar başlarını Azərbaycanda qoydular. Səttar xan, Qaçaq Nəbi, Şeyx Məhəmməd Xiyabani, Məhəmmədəmin Rəsulzadə kimi yüzlərcə Azərbaycan mücahidi xalqın azadlığı uğrunda çarpışdı. Bəli, müasir dövrün görkəmli filosof tarixçisi, tatar Qumilyov demişkən, əgər hər hansı bir etnos (xalq) bilə-bilə zaman-zaman öz arasından insanlar ayırıb öz varlığı üçün qurban verirsə, deməli, o etnosa ölüm yoxdur! Mübarizə xoşbəxt azadlıq uğrunda deyil, yaranan, tarixdə özünü təsdiqlədən və dünyaya təqdim edən bir xalqın yaşayıb-yaşamaması uğrunda mübarizəsi idi.

1918-1920-ci illərdə Azərbaycan xalqı ölüm təhlükəsini aradan qaldırıb özünü tarixdə bir daha təsdiqlətdi. Güneydə Xiyabani hərəkatı, Quzeydə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanı Yeni dünyaya tanıtdı. Hamımızın bildiyi kimi, bu dövr çox çəkmədi… Rusiyada çarlıq imperiyasının yeni varisi - qırmızı Sovet imperiyası yarandı. İlk illərində bu imperiya hələ zəif olduğundan, Azərbaycanın quzeyindəki demokratik dövləti yıxdı, ancaq özünün də hələ zəif olmasından dolayı, həmin demokratik dövlətin yerində hər hansı bir dövlət qurumunu saxlamağa məcbur idi. Sonra bu dövlət qurumu Azərbaycan Sovet Sosialist Respublikası oldu.


20-ci ildən sonra Azərbaycanın güneyində Xiyabani hərəkatını boğdular. İranda Azərbaycan sülaləsi olan Qacarlar devrildi, yerinə fars-Pəhləvi sülaləsi hakimiyyətə gəldi. Azərbaycan xalqının (o taylı-bu taylı) yeni faciə dövrü başlandı. Qətllər, talanlar, qırğınlar ara vermədi… Azərbaycanın quzeyindəki Sovet respublikası Azərbaycan xalqını əzmək alətinə çevrildi.

Belə bir fikir var və bu fikri son vaxtlar daha tez-tez eşitmək olur; bu təqribən belə səslənir: hər bir xalqın dövləti özünə layiqdir. Bunu belə şərh edirlər ki, guya bizim də dövlətimiz özümüzə-xalqımıza uyğundur. Bu, tamamilə yanlış düşüncədir. Bu fikir özünü əslində harada doğruldur? Bizim öyrəndiyimiz anlayışlarla desək, xalq - bazis özünün üstqurumlarından birini - dövlət qurumunu yaratmalıdır. Əgər bu qurumu yaradırsa, sözsüz ki, bazisin tələbi və istəyi əsasında yaranır və bu quruma həmin xalq, yaxud bu xalqa həmin qurum layiq olur, hər ikisi bir-birini təmsil edir. Bu fikirlə razılaşmamaq olmaz. Deməli, söz azad xalqdan gedir, öz üstqurumunu yaratmaqda müstəqil olan bazisdən gedir. Əgər hər hansı bir xalq qanlı terror və işğal nəticəsində özündən qat-qat güclü olan hər hansı bir imperiyanın köləsinə, müstəmləkəsinə çevrilirsə, bu vaxt imperiya da onu istədiyi kimi əzmək, istismar etmək üçün oyuncaq dövlət qurumu yaradırsa, deməli, bu qurum xalqın arzusu əsasında yaranmır və onu təmsil etməyə layiq deyil!

Hətta böyük dövlətlərin əzdiyi xalqlar üzərində qurulan dövlət qurumları da müxtəlif olur. İkinci dünya müharibəsində Amerika, İngiltərə, Sovet İttifaqı Avropanın ən güclü xalqlarından biri olan almanları darmadağın etdilər. Almaniyanın böyük bir hissəsində Amerika, İngiltərə və Fransanın iradəsi ilə federal alman dövləti yaradıldı, başqa bir hissəsində isə SSRİ-nin iradəsi ilə Almaniya Demokratik Respublikası. Sual olunur: alman xalqı hansı dövlətə, yaxud hansı dövlət qurumu alman xalqına layiq idi? Heç biri! Ancaq Şərqə baxmış Qərbdə qurulan dövlət alman xalqı üçün az-çox əlverişli idi. Əsl alman dövləti indi yaranmaqdadır.

Bütün Azərbaycanda bu gün xalqımızı ona layiq təmsil edəcək dövlət qurumu yoxdur. Təkrar edirik: yalnız və yalnız AZAD (!) xalqın yaratdığı dövlət onun özünə layiq olur!!

Biz burada Moskvanın 70 ildə Azərbaycanda apardığı siyasəti təhlil etməyəcəyik. Bəs Moskvanın bugünkü siyasəti necədir? Bugün Moskva ona tabe ölkələri və xalqları daha əvvəlki tək "idarə edə" - əzə bilmir. Rusiya özü fəlakət qarşısında, daha döğrusu, fəlakət içindədir, ona görə də o, ilk öncə Avropadan əlini çəkmək məcburiyyətində qaldı. İndi əsas vəzifə imperiyanı dağılmaqdan qurtarmaq, onu nə isə aldadıcı, bir qədər də cəzbedici şəklə salmaqdan ibarətdir. Onun üçün də demokratiya, aşkarlıq və yenidənqurma adı altında "yuxarıdan inqilab" (bu da aldatmaq üçündür: yuxarıdan inqilab olmur, deməli, yuxarının fitvası ilə aşağıdan inqilab) edilir. Bunun üçün ayrıca proqramla iş görülür. Hansı xalq bu proqramdan kənara çıxıb öz iradəsi ilə hərəkət edirsə, onu gülləyağışı gözləyir, ya da ki, qırğın və talan törədici millətlərarası ədavət.

Bir vaxt İran şahı yuxarıdan islahatlar apararaq adını "ağ inqilab" qoydu, onun ən böyük zərbəsi Azərbaycan xalqına dəydi. İndi Qorbaçov yuxarıdan islahatlar aparıb adını "inqilab" qoyur, ən böyuk zərbəsi Azərbaycan xalqına vurulur. Bir vaxt Azərbaycanın güneyinə gələn Məhəmmədrza Pəhləvi "Azərbaycan iri addımlarla irəliləyir" demişdi, ustündən neçə il keçməmiş Azərbaycanın quzeyinə gələn Leonid İliç Brejnev "Azərbaycan iri addımlarla irəliləyir" dedi. Görəsən, necə olur ki, müsəlman monarxlarla kommunist monarxlar bir-birinin ağzına tüpürmüş kimi olurlar?! Monarx hər yerdə monarxdır - dinindən, əqidəsindən asılı olmayaraq. Vay o gündən ki, hər iki imperiya monarxının "Azərbaycan" adlı bir müstəmləkəsi ola, yarısı birinin, yarısı obirinin!

Moskva azadlığa boylu olmuş ölkələri "islahat" dərmanı ilə ölü doğmağa məcbur edir; əgər "mədəni" yol baş tutmasa dəyirmanında öz istədiyi kimi üyüdür. Ya dərman, ya dəyirman?!

Üç ilə yaxındır ki, Azərbaycan ayaq üstədir. Zülmün - imperiyanın topu, təyyarəsi, tankı və gülləsi varsa haqqın - xalqın da dönməz üzü vardır. İmperiya od, güllə püskürdü, Göyçə, Zəngəzur bir daha yenidən dağıldı, Qarabağa yağı əlləri uzandı, Sumqayıt, Gəncə, Bakı… hər yer qana çalxandı. Xalq yurdunu qorudu, Azərbaycanı iki yerə bölən dəmir pərdəni dağıtdı…

Bu gün Azərbaycanın quzeyində iki qüvvə - imperiya və xalq üz-üzə durmuşdur. İmperiya bu qeyri-bərabər güclərin mübarizəsində erməni diasporundan və Avropanın, Amerikanın bizə ögey münasibətindən istifadə edir.

Bu qüvvələrlə üz-üzə təkcə dayanmış xalqımızı demokratik qüvvələrimiz təmsil edir. Bu qüvvələrə dünyadakı bir sıra başqa demokratik qüvvələr rəğbət bəsləyir. Yurdumuzun güneyində böyük mənəvi dayağımız vardır. Nə yazıq ki, bir yerdə mübarizəyə qoşulmamışıq. Axı biz hələ millət olmamışıq, xalq yolundan millət yoluna təzə-təzə addım atırıq.

QEYD: Tez-tez soruşurlar ki, xalq nədir, millət nədir? Elmlə izah etmək çox uzun-uzadı alınacaq. Sualı başqa cür qoyun: xalq kimdir, millət kimdir? Onda "nədir?" sualına cavab taparıq. Xalq bizik, millət almanlar! Niyə? Almanlar sərhədlərini pulla alırlar, var-dövlətləri də özlərinindir. Biz sərhədlərimizi qanla alırıq, var-dövlətimiz də özgənindir. Almanlar özləri toxdur, ac Rusiyaya ət, süd, un verirlər. Biz özümüz acıq, ac Rusiyadan ət, süd, un gözləyirik. Moskva 70 il düşmən kəsildiyi almana indi "dost", "qardaş" deyir, ona əl açır, 70 il "kiçik qardaş" dediyi bizə indi düşmən kimi baxır, bizi tankların altında əzir. Almanlar sovet əsgərlərinin nişanlarını, kəmərlərini, çəkmələrini, paltarlarını (lənət şeytana, daha nə qaldı ki!), hə, papaqlarını (rəhmət sənə, Mirzə Cəlil!) hərrac bazarına qoydurur. Biz isə təkcə sağlam oğullarımızı deyil, hətta xəstə gənclərimizi əsgərlik adına ölümə göndəririk!

Yəqin aydın oldu.

Məsələnin ana xəttindən bir az qırağa çıxdığımıza görə oxucular suçumuzdan keçsin…

Moskvanın bütün ümumi siyasəti ilə yanaşı, o, hər bir respublikaya, hər bir xalqa qarşı xüsusi siyasət yürüdür. Ona görə də "nə üçün Litvanın, Ermənistanın, Gürcüstanın və b. dövlət rəhbərləri başqa cür hərəkət edir, Azərbaycanınkı başqa cür?" sualı sadəlövhlükdən başqa bir şey deyildir. Birdəfəlik bilməliyik ki, Moskvanın Azərbaycana aid siyasəti hər hansı bir respublikaya olan siyasəti ilə tutuşdurulmamalı, həmişə ayrıca götürülüb onun üzdə olan deyil, dərində, gizli qalan kökləri, bağları üzə çıxarılmalıdır.

Azərbaycan ən varlı, hərtərəfli zəngin bir ölkədir. Var-dövlət müstəqil xalqlar üçün səadətdirsə müstəmləkə üçün bədbəxtlikdir. Azərbaycan Rusiya imperiyası üçün Şərqin qapısıdır. Azərbaycanın birləşib müstəqil olması Güney Qafqazda imperiyanın bütün dayaqlarının dağılması deməkdir.

Pyotrdan dünənə kimi Hind okeanında isti sulara can atan və bu siyasəti bütün dövrlərdə ardıcıl yürüdən imperiya üçün Xəzər hövzəsini işğal etmək ilkin şərt olmuşdur. Xəzərin iki açarı - Həştərxan və Bakı imperiyanın daimi zərbə hədəfi olmuşdur. Azərbaycan yüz illərdir imperiyalar tərəfindən müdafiə olunan və onların Şərqdə casusu rolunu oynayan erməni lobbisinin gəlir mənbəyidir. "Azərbaycan İranın taxıl anbarıdır", "Əgər Azərbaycan müstəqil olarsa İran ondan asılı vəziyyətə düşər" deyən İran ideoloqları məsələyə çox düzgün qüymət vermişlər.

Çox ötəri və ümumi dediyimiz bu sözlər Azərbaycanda imperiya siyasətinin bəzi xətlərini görmək üçündür. Əslində isə gərək Azərbaycanın yeraltı və yerüstü, maddi və mənəvi sərvətləri ilə sadəcə tanış olmaq üçün cildlərlə kitablar yazılandan, dünya siyasətində, Sovet imperiyası, İran və Ermənistan siyasətində Azərbaycanın yeri bütöv-bütövünə araşdırılıb açıqlanandan sonra biz özümüzü başa düşə bilərik.


Bəlli olduğu kimi, 60-80-ci illərdə imperiyanın dövlət aparatı çürümə dövrü keçirirdi. Mənim yadımdadır - hələ 60-cı illərdə bir Avropa alimi yazmışdı ki, Sovet dövləti dağılmağının rüşvətxorluq mərhələsini keçir. Bu məsələni təhlil edərkən mən ilk öncə inanmadım. Məni Engelsin bir məktubu çaşdırdı. O, Rusiyada dövlətin köklərinin zəif olduğunu göstərərək orada sosializm qurmağın daha asan olduğunu yazan bir rus ziyalısına belə cavab vermişdi ki, siz düz demirsiniz; Rusiyada kiçik və iri məmurlardan ibarət böyük bir təbəqə vardır, bunlar dövlətdən çox az maaş aldıqları üçün xalqı soyur, rüşvətlə dolanırlar, buna görə də Rusiya dövlətini müdafiə etməkdə həddən artıq maraqlıdırlar, çünki bu dövlət olmasa onlar rüşvət ala bilməzlər, buna görə də dövlət aparatının kökü lap aşağılara qədər işləyir.

Bir qədər də götür-qoy etdikdən sonra aydın oldu ki, Engels səhv edib - istər Kerenskinin, istərsə də Leninin çevrilişləri zamanı həmin məmurlar çox böyük rol oynadılar. Eyni zamanda, tarixdən mənə aydın oldu ki, bir çox dövlətlərin əsasını rüşvətxorluq sarsıdıb. Məsələ aydın idi.

Sonra 70-ci illərin əvvəllərində bir ispan cəmiyyətşünasının belə bir fikrinə rast cəldim ki, Sovet İttifaqında "sosializm" deyilən quruluş düz deyil, o tez-gec dağılacaq, çünki bu cür quruluş ümumiyyətlə insanın, xüsusilə fərdin təbiətinə ziddir. Bu fikir bir çox əsərlərdə başqa-başqa şəkildə ifadə edilirdi. Bununla razılaşmamaq olmazdı. Çox keçmədi ki, Saxarov SSRİ-də insan haqları uğrunda mübarizəyə başladı. Kütləvi kölə psixologiyasından qurtulan fərdlərin sayı gündən-günə çoxaldı. Onun dalınca cəmiyyətlər və xalqlar Azadlıq eşqinə düşdülər.

1987-ci ildə Azərbaycanda yeni bir oyanış başlamışdı. İmperiya bunun qarşısını almaq üçün Qarabağ məsələsini ortaya atdı. Ancaq yuxarıda göstərdiyimiz kimi, bu imperiya 30 ilə yaxın idi ki, rüşvətxorluğun dağıdıcı, içəridənyeyici təsiri nəticəsində iflic olmuşdu. Dövlət aparatlarının heç biri dəqiq işləmirdi. Ona görə Mərkəzin Azərbaycan və onun xalqı haqqında fikri yanlış idi. Qarbaçov, onun ətrafındakılar və xüsusən də yan-yörəsində peyk kimi hərlənən erməni lobbisi belə düşünürdü ki, Azərbaycan xalqının elə bir güclü siyasi təşkilatı yoxdur, respublikanın başçıları isə Moskvanın yesirləridir, deməli, Qarabağı ermənilərə vermək olar. Bununla həm Azərbaycanı tam iflic etmək, həm də dünya ermənilərindən və onları himayə edən böyük dövlətlərdən imperiyaya yaxşı arxa düzəltmək olar.

Bir neçə ayın içərisində 7 milyonluq bir xalq "Qa-ra-bağ!!" deyib ayağa qalxdı. Təkcə Moskvanın deyil, bütün dünyanın təsəvvürü alt-üst oldu. Bir "Azərbaycan" fenomeni zühur etdi. Tariximizdə ilk dəfə olaraq dünyanın hər yerindən qəzet, radio-televiziya işçiləri, mübariz demokratlar, konsullar, səfirlər və b. Azərbaycana axışdı. Baltikyanı respublikalarda azadlıq hərəkatlarının yeni dalğaları qalxdı, Moldova və Gürcüstanda xalq hərəkatlarına ilkin təkan verildi.

1988-ci il noyabr ayının 25-27-sində Bakının Azadlıq meydanında Nemət Pənahov deyəndə ki bizim bu xalq hərəkatımızla bütün SSRİ-ni azadlıq hərəkatı bürüyəcək, buna çox adam şişirtmə, böyütmə kimi qiymət verirdi. Doğrudan da, çox çəkmədi ki, SSRİ-ni hərəkatlar bürüdü. Moskva özünü itirdi.

89-cu ilin son aylarında Azərbaycanda xalq hərəkatının ikinci yüksəlişi başlandı. Moskva qorxuya düşdü. Deməli, bu dəfə hərəkat vaxtından qabaq boğulmasa SSRİ darmadağın olacaq! Qorbaçov Maltada Buşla gizli görüşlərində bu məsələnin üstündə bərk dayandı. Buşun dövlət katibi Ceyms Beyker belə bir bəyanat verdi ki, əgər Moskva Zaqafqaziyadakı millətçi hərəkatları yatırmaq üçün güc tətbiq etsə, Amerika buna etiraz etməyəcək. Məsələ bizim üçün tamamilə aydın idi, çünki buna qədər Qarbaçov Moskvada açıq elan etmişdi ki, o, gürcü kimi mədəni bir millətin qadağan saatında, hərbi vəziyyətdə yaşamasını rəva bilməz!

Yerevan və Xankəndində ermənilər il boyu tətil və nümayiş edir, azərbaycanlıları qırır, evlərini yandırır, yurdundan-yuvasından didərgin salırdı. Moskva susurdu. Ermənilərin kütləvi yaşadığı yerdə bir nəfər də azərbaycanlı qalmamışdı. Deməli, gizli görüşdə söhbət yalnız Azərbaycandan getmiş, bu bəyanatda "Azərbaycan" sözü "Zaqafqaziya" sözü ilə pərdələnmişdi.

89-cu ilin dekabr ayında Azərbaycan bütün dünyada bir daha amansızcasına təkləndi. Həmin ayın sonlarında Azadlıq meydanında AXC Ağsaqqallar şurasının ən fəal üzvlərindən biri, hörmətli Vaqif Səmədoğlu xalqımızın necə təkləndiyindən danışarkən xalq bu dünyada qərib olduğunu bir daha dərindən duydu, meydanda minlərlə, on minlərlə insan dəsmalını çıxarıb göz yaşını sildi.

Dekabrın 27-29-unda çox adama aydın idi ki, bugünkü dünyanın taleyini istədikləri kimi həll edən iki fövqəldövlət - Amerika və Sovet hökuməti Azərbaycan xalqını zorla fəlakətə aparır. Bu sorğunu tez-tez sorurlar: "Bu fəlakətdən qaçmaq mümkün deyildimi?". Yox, xanımlar, bəylər, yox!

Bu sualı İranın indiki xarici işlər nazirinin müavini də mənə verdi. Sonra da əlavə etdi ki, çoxlu cavan qətlə yetirildi; hər bir cavan, gənc xalq üçün neçə yaşlıdan daha çox iş görəcəkdi. Mən ona dedim: "Bəs bunu gözəl bildiyiniz halda, İran-İraq müharibəsində yüz minlərlə gəncin məhvinə niyə yol verdiniz?"

O dedi: "Biz çalışdıq, gücümüz çatmadı, bu müharibəni böyük dövlətlər törətmişdi".

Mən ona dedim: "İran və İraq kimi müstəqil dövlətlərin buna gücü çatmayanda ordusuz, silahsız, müstəmləkə bir xalqın buna necə gücü çatardı, özünü nə cür xilas edə bilərdi?".

İndi gəlin görək Əfqanıstanı kim o günə saldı? - Amerika və Sovet dövləti. İraqla Küveyti kim bu günə salıb? - Amerika və Sovet İttifaqı. Küveyt darmadağın oldu, İraqı hansı faciə gözləyir? - Amerika və Sovet hökuməti bilir.

1990-cı il yanvar ayının 9-10-unda Vəzirovla görüşdə soruşduq ki, erməni quldurları Azərbaycanı dağıdır, nə deyirsiniz? Dedi ki, heç bilmirəm nə edək?! Bizi təkləyiblər. Moskvada kimə deyirəm əhəmiyyət vermir. Dönə-dönə Qarbaçova demişəm, deyir, əl çəkin yaxamdan, mən daha bezmişəm, bacarmıram; gedin özünüz həll edin, özünüz cavab verin! Biz də gərək "fəhlə drujinaları" adı ilə xüsusi dəstələr yaradaq, silah verək, gedib Xanları, Qubadlını, sərhəd rayonlarını və Qarabağı basqınlardan qorusun!*1

1 Moskvanın 20 Yanvar qırğınına bəhanə tapa bilməsi üçün Azərbaycan rəhbərliyinin göstərişiylə əksər dövlət müəssisələrində silahlı "özünümüdafiə dəstələri" yaradılmışdı. Onlara guya Milli Müdafiə Şurası rəhbərlik edirdi. - Red.

Sonra bəlli oldu ki, bu sonuncu fikrin əsas müəllifi Polyaniçkodur. Yəni heç bir yerə əli çatmayan Vəzirov Moskvanın Azərbaycandakı general-qubernatoru Polyaniçko ilə məsləhətləşmiş, o da bu planı cızmışdı.

Bir tərəfdən də, Bakıda qaçqınlar ilə bakılılar arasında qırğın hazırlanırdı. Başqa bir yandan, erməni, rus və başqa millətlərin evlərinə basqın hazırlanırdı. Hamısı da Mərkəzin əli ilə. Bəli, Moskva - Vaşinqton Azərbaycan xalqını bütövlükdə dar ağacına aparırdılar.

1989-cu ildə "dünyanın ən mübariz xalqı" adlanan Azərbaycan xalqı bu dəfə də nə edəcəyini müəyyənləşdirirdi:

qardaş qırğınına imkan verməmək;

başqa millətlərə qarşı təxribatın qarşısını almaq;

Vətənə qarşı hər cür basqına sinə gərmək;

dar ağacına sürüklənə-sürüklənə yox, mərdanə getmək.

İki fövqəldövlətlə, terrorla dünyanı bir-birinə çalxayan erməni lobbisi ilə təkbaşına döyüşən Azərbaycan xalqı bu ağır döyüşdən şərəflə çıxdı. Şəhidlərin qəbri nurla dolsun!!!

Bu, iyirminci yüzildə bizim rast gəlmədiyimiz bir hadisə idi: hələ heç bir döyüşdə, hətta dünya müharibələrində Azərbaycanın quzeyi kimi bir ərazidə hərbi əməliyyatda imperiyanın hərbi naziri, daxili qoşun qüvvələrinin komandanı, Sov.İKP Mərkəzi Komitəsinin katibi, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri, Azərbaycanın general-qubernatoru, respublika DTK-sının sədri, respublika daxili işlər nazirinin müavini (Yazov, Bakatin, Şatalin, Girenko, Primakov, Polyaniçko, Hüseynov, Barannikov) birlikdə hərbi əməliyyata başçılıq etməyiblər (hələ başqa onlarca generalı saymırıq).

Azərbaycan xalqının azadlıq mübarizəsindən lərzəyə düşmüş imperiya heç də böyük olmayan bir respublikasına qarşı hətta ehtiyatda olan hərbi qüvvələrinin bir hissəsini də Azərbaycanla mübarizəyə cəlb etmiş, elan etmədən bütün ölkədə gizli hərbi toplanışa başlamışdı. Buradan iki nəticə çıxarmaq olar: 1) ya Azərbaycan xalqı həddən artıq güclü və qorxuludur; 2) ya da imperiya elə çürüyüb ki, başını tamam itirib.

20-23 yanvarda "Azərbaycan" fenomeni bütün dünyanı çaşdırdı. Özünü itirməyən prezident, baş nazir qalmadı: Buş, Mitteran, Tetçer, Turqut Özal, Qorbaçov. Bir neçə gündən sonra özlərini ələ ala bilən Pakistan, İran, İsrail, Liviya və Əlcəzair Sovet hökumətinin işğalçı hərəkətini pislədilər. Dünya olub-bitmişdən ayıldı. 20 Yanvar Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, imperiyalar tarixinə qara, qapqara ləkə oldu. "Demokratiya, demokratiya" bağıran Vaşinqton və Moskva Azərbaycan xalqının demokratik hərəkatını qandalladı. Azərbaycan xalqını fövqəladə vəziyyətdə seçki keçirməyə məcbur etdi. Bu, dünya tarixində 3-cü belə hadisə idi. Bunu da sınadıq.

Bir ildir ağır faciə və qaranlıq zülmət içərisində yaşayan xalqımız özünə gəlmiş, azadlıq yolunda yenidən yürüşə çıxmışdır. Xalqımız qəhrəmandır və bu qəhrəmanlığını həm özünə, həm də dünyaya bir daha göstərdi. Ancaq nə yazıq ki, siyasi həyatda yetkin deyilik. Siyasi mübarizədə səriştəsizik, təşkilatlanmanı bacarmırıq, təkbaşına, yaxud kiçik qruplarla imperiyaya qarşı mübarizə meyli və ya "xəstəliyi" aramızda geniş yayılıb. Oyuncaq dövlət aparatı ya xalqa yaxın gəlmir, ya da onu gəlməyə qoymurlar. Ziyalılarımız tərəddüd içərisində iflic olub.

İmperiyanın da mövqeyi aydındır, xalqın da. Təkcə respublika dövlət aparatının mövqeyi aydın deyil, axı bu bədbəxt aparatın heç mövqeyi yoxdur. Bu aparatın işçiləri daim əsməcə içərisindədir. Xalqın qəzəbini, düyünlənmiş yumruğunu gördükcə əsir, Moskvanın qapazını yedikcə əsir, əsir. Bunlar gerçək əsir-yesirdirlər, qulaqları Moskvanın qulluq qarmağına keçib, umudları göydə Xaliqə, yerdə xalqa qalıbdır. Bu əsir-yesir dövlət aparatı ilə xalqın arasında özünü itirmiş bir təbəqə var - ziyalılar. "Ziyalı" sözünü xalqımız əsil mənasında işlətmir. Ziyalı elmdə, incəsənətdə, mədəniyyətdə müəyyən yaradıcılığa malik və ardıcıllar yetişdirən, xalqın (yaxud millətin) həyatı təhlükəyə düşəndə ön cərgədə dayanan, onun qabağında gedən adama deyirlər. Bizim ziyalıların çoxu bu təyinatı tam ödəmədikləri, ya da ödəyə bilmədikləri üçün onlara "yarımziyalı" demək daha doğru olar.

Respublika dövlət işçilərinin və bu yarımziyalıların indiki vəziyyətini təsəvvürə gətirmək üçün Cəfər Cabbarlının "Od gəlini" əsərindəki bir yerlə müqayisələr aparaq:

Rəbi və Əbu Übeyd (imperiyanın nümayəndələri)

Altunbay (yerli hakimiyyət aparatının başçılarından biri)

Turqut (əsərdə Altunbayın əlaltısı - indiki yarımziyalı)

Elxan (eloğlu - onda da, indi də)


Dördüncü və yeddinci görüşlərdən iqtibaslar.

Altunbay (sinirli) -… And olsun bu yanar dağlara, and olsun bu sönməz odlara ki, dediklərində doğruya bənzər bir şey görsəm bu Günəşə gülümsər dərgahı bayquşlar yuvasına, torpaq üstünü (oxu: Azərbaycanı - Ə.E.) məqbərələrə çevirəcəyəm; bu qiyamətin dəhşətləri içində o da məhv olacaqdır, sən də…mən də! Söylə!…

Turqut - Ağamız! Mən öyrənə bildiyim hər bir şeyi… bütün dəhşəti ilə söylədim…

Altunbay (Elxana) - … Yaxşı, sən söylə, əziz filosof, sözlərin yarımçıq qaldı.

Elxan - Mənim sənə deyəcək bir sözüm qalmadı.

Altunbay - Yalnız orasını mənə anlat ki, sən kimsən?

Elxan - Mən… Mən dünyada səadət yarada biləcək ulu bir qüvvət…

Altunbay - Ha-ha-ha! (Çağırır). Turqut! (Turqut girir). Turqut! Sən söylə, bu zavallı kimdir?

Turqut - O, sizin kölənizdir, ağamız.

Altunbay - Hardan və neçəyə alındı?

Turqut - Hərrac bazarından, əlli dirhəmə.

Altunbay - Eşidirsənmi? Mən ona nə edə bilərəm?

Turqut - Hər bir şey, ağam, bağışlaya bilərsiniz…

Altunbay - Neçin oradan başlayırsan, alçaq, yaramaz (hiddətlə köksündən vurur, Turqut yıxılır). Köksündə kölə qəlbi döyünür. (Başında Xalq Cəbhəsinin fikirlərini gəzdirirsən - Ə.E.).

Turqut -Ağa, öldürə bilərsiniz, boğdura bilərsiniz, quyuya atdıra bilərsiniz, diri-diri yerə basdıra bilərsiniz.

Altunbay - (Elxana) …Sən bu qanunu haradan düzəltdin?

Elxan - Bütün qanunların heçliyindən!.. Ən böyük qanun şəxsin azad diləkləridir… Mənim Tanrım başqalarına zərər verməz azad diləklərimdir!

Elxan - …Başqa yol yoxdur. Mənim yolum sənə qarşıdır.

Altunbay - Mən də sənə qarşıyam. (Üzünə bir sillə çırpır və eyni zamanda) Torqut! (bəyə işarə edir, üç-dörd nəfər içəri girir). Bəyənirsənmi?

Elxan - Bəli, o elə də olmalıdır. Zatən hər bir düha mühitin satqınlığından, hər bir dahi mühitin yumruqları , zamanın təpikləri altından doğur.

(Elxanı döydürür. Bu vaxt Rəbi gəlir).

Rəbi - Bu nə sükutdur? Sizdən soruşuram. Elxan kimdir?

Elxan - Mənəm, mən.

Rəbi - Sən hələ bir yol həbsdə olmuşsanmı?

Elxan - İki yol. Sonuncuda dar ağacından qaçdım.

Rəbi - Çox gözəl, bu dəfə artıq ölümdən qaça bilməzsən. Dar ağacı hazır, budur, fitva əlimdədir. Altunbay, sən belə yaramazları gizlədirmişsən?

Altunbay - Mən bilməmişəm, ağa. Mən onu hərrac bazarından almışam.

Rəbi - Yaxşı, sən də bizimlə gedəcəksən.

Altunbay - …Mən özüm Əbu Übeydə ərz edərəm. Bəlkə nahar edər, sonra gedərsiniz?!

Rəbi - Burax dilləri, haydı!

Altunbay - (Elxanın yanından keçərkən yavaşca) - Sərsəm hərif, məhv olduq!

Əziz oxucu, bu böyüklükdə səhnəni bura yazdığıma görə məni qınama. "Od gəlini"ni dönə-dönə oxu! Bugünümüzü yaxşı duyarsan. Azadlıq dastanları eyni olur, surətlər, zaman başqa, imperiyalar başqa-başqa. Altunbay (indiki katib) görün öz xalqına necə qan uddurur, ancaq imperiyanın darğasını görəndə necə zavallıya çevrilir, hətta öz nişanlısını qurban verməyə hazır olur… Yarımziyalılar Turqutun günündə deyilmi? Onlar katiblərə yalvarırlar ki, Xalq Cəbhəsini, onun nümayəndələrini bağışlaya bilərsiniz. Ancaq üstlərinə çığıran kimi, ya da katib üz-gözünü turşudan kimi (halbuki Altunbay Turqutu yumruqla vurub yerə sərir) Xalq Cəbhəsinin ölümünə fərman verirlər. Polyaniçko Rəbidən, Yazov Əbu Übeyddən daha qəddar deyilmi?…

Nə isə, elə bir üsuldan istifadə etməyə çalışdım ki, sadə oxucular da məsələnin nə yerdə olduğunu anlaya bilsinlər.

Bir az da seçkilər haqqında. Dediyimiz kimi, bu seçkilər Azərbaycanda demokratiyanı boğmaq üçün ən yaramaz üsul idi. Həm də istəyirdilər dünyaya göstərsinlər ki, Azərbaycan xalqı demokratiyaya hazır olmadığından Kommunist Partiyasının diktaturasından əl çəkə bilmir. Müvəqqəti də olsa buna nail ola bildilər. Dünyanı bir daha aldatdılar. Ancaq bir dönməz həqiqət var ki, xalqı, xalqları aldadanlar lap sonda özləri aldanmış olurlar. İmperiya - Moskva dünyanı aldada-aldada sonda gördü ki, özünü aldadıb. Bu azğınlar 1400 il bundan qabaq Qur’anda aydın deyilən bu gerçəkliyi başa düşmürlər, çünki Ulu Tanrı yalançının gözlərinə elə pərdə çəkir ki, o, günün günorta çağı açıq-aşkar olanı belə görmür.

Bu gün AXC-dən 30-dan çox millət vəkili seçilmişdir. Bunların hər biri on deputatdan güclü və bacarıqlıdır. Bir sıra millət vəkilləri də vardır ki, onlar XC-nin nümayəndəsi olmasa da xalqa dərindən bağlıdır. Deməli, bunlarla biz müttəfiqik, eyni bir mövqedən çıxış edəcəyik.

Partokratiyanın təmsilçisi olan və deputatlığı zorla əlinə keçirən bir sıra katibləri mən yaxşı tanıyıram. Üç cümlədə on məntiqi səhv buraxırlar. Onlardan millət vəkili çıxmaz. Çoxu da rayonları talan edib yeyir, özünü dərəbəy-dərəkatib sayır. Öz quldurluqlarını buraxıb parlamentdə çalışmazlar. Nə isə, bir sıra dərəkatib gərək qara gününü indidən qablaşdırsın və Polyaniçkonu köməyə çağırsın, bəlkə o, yeni bir qatışıqlıq salıb onların katiblik ömrünü uzatdı.

Uzun sözün qısası, yeni Ali Sovetin işi qalıb şeytana.

Məni ən çox narahat edən xalqımızın siyasi fəaliyyətinin hələ aşağı olmasıdır. Orta hesabla seçiciləri dörd qrupa bölmək olar:

daha fəallar;

az fəallar;

saymazlar;

məişətə çox meyli olanlar.

Axırıncı iki qrup bizdə daha çox narahatlıq yaradır. Ölkə bir dağıntı içərisindədir, xalqımızın bir qismi seçki günü bir saatını bu cür çox mühüm bir işə - istədiyi millət vəkilini seçməyə sərf etmək istəmir. Görəsən, bu adamlar başa düşmürlər ki, xalqın taleyinin həlledici anıdır? Axı sabah gec ola bilər.

Dördüncü qrup daha bədbəxtdir və xalqa çox böyük zərbə vurur. O, səsini mebel, yumurta, toyuq, siqaret paylayan, yaxud su çəkdirib asfalt saldıran namizədə verir. Bunlar da öz talelərini, xalqın taleyini 1-2 günlük taxtaya, siqaretə satırlar. Bunlar Azadlığı rədd eləyib yumurtaya səs verdilər. Özlərini də alçatdılar, xalqı da! Bunu görən bir sıra gənclərimiz özlərini ələ ala bilməyib boğula-boğula "biz ölümə layiq xalqıq" deyirdilər.

Xalqın bu acı günündə onu bir-iki günlük ət və toyuqla aldadanların bəs vicdanı harada qaldı? Belə adamlardan millət vəkilimi çıxar? Xalqı uşaq kimi yumurta ilə aldadanlar sabah onun başına nələr gətirməyəcəklər?

Mətbuatımız. Azərbaycan Xalq hərəkatının bir qələbəsi də demokratik mətbuatımızın yaranmasıdır. "Azadlıq" qəzetinin bir yaşı tamam olur. Bu bir ildə o, iki dəfə bağlanıb. Komendantlar və hərbi senzorlarla döyüşə-döyüşə çap olunur. Redaktoru, yeni millət vəkilimiz, təkcə AXC-nin deyil, xalqımızın sevimlisi Nəcəf bəy [Nəcəfov] öz prinsipiallığını davam etdirir. Ona millət vəkili kimi böyük uğurlar arzulayıram. "Azadlıq" bağlananda "Fövqəladə vəziyyət" qəzetini buraxmaqda Ağamalı Sadiq böyük qeyrət və zəhmət sərf etdi.

"Azərbaycan", "Aydınlıq", "Ayna", "Ədalət", "Yeni Müsavat", "Xalq səsi", "Haray" (Sumqayıt), "Humay", "Vətən səsi", "Vətən" (Gəncə), "Azad söz", "Türk yurdu", "Demokrat" (Sabirabad), "Yurd" (Naxçıvan) və başqa qəzetlərimiz xalqımızın iradəsini təmsil edərək bizi məlumatlandıran, gələcəyə səsləyən orqanlardır. Bəzən bunların bütün nömrələrini oxumağa vaxt tapmayanda adam çox təəssüflənir və bunların çoxluğuna sevinir. Açıq-aydın görünür ki, çox güclü bir Azərbaycan mətbuatı yaranır.

Bu qəzetlərin hamısından bir narazılığım var - o da Azərbaycanın güneyindən xəbərsizlikləridir. Arzu edərdik ki, bu boşluğu tezliklə doldursunlar.

Azərbaycan Xalq Cəbhəsi haqqında, onun indiki vəziyyəti və gələcək fəaliyyəti haqqında çox sual verilir, müxtəlif söhbətlər eşidilir.

Birincisi, ən çox onun İdarə Heyətinə qarşı insafsız hücumlar var. Mənə aydındır ki, bu qərəzli hücumlar elə-belə deyil, müəyyən qüvvələr bunu düşünərək təşkil edirlər. Yanvardan bugünədək İdarə Heyətində 12 nəfər qalmışdı. İdarə Heyətinin fəal üzvlərindən Rəhim və Etibar bəylər həbsdə idilər. Başqa bir üzvü - Arif bəy erməni quldurları ilə mübarizədə ən təhlükəli mövqe olan Laçında işlərə rəhbərlik etmişdir.

İdarə Heyətinin başqa üzvləri Fransa, Almaniya, İran, Türkiyə və Hollandiyada səfərlərdə olmuş, xalqın azadlıq hərəkatını, respublikanın gerçək vəziyyətini, demokratik mübarizənin əsaslarını dünya ictimaiyyətinə çatdırmış, xarici ölkələrin, Moskva və Leninqrad, Pribaltika, Gürcüstan və b. ölkə və şəhərlərin demokratik qüvvələri ilə əlaqələr yaratmışlar.

AXC-nin İdarə Heyəti və Məclisi xalqımıza qarşı bütün irticaçı qüvvələrin fitnə-fəsadını dəf etmiş, XC-ni məhv olmaqdan qurtarmışlar. Bu cür, dünyada görünməmiş bir şəraitdə AXC imperiya, partokratiya və mafiyalara qarşı mübarizə apararaq otuzdan çox üzvünü Azərbaycan Ali Sovetinə, 30-dan çox üzvünü Naxçıvan Ali Məclisinə, yüzlərcə üzvünü şəhər və yerli sovetlərə üzv seçdirə bilmişdir.

Azərbaycan Xalq Cəbhəsinin 20-dən çox leqal və qeyri-leqal qəzeti çıxır.

Vətənimizin və xalqımızın haqqını qorumaq üçün Xalq Cəbhəsinin 100-dən çox üzvü həlak olmuş, 300-dən çoxu həbsxanalara atılmışdır, onların çoxu haqqını müdafiə edə-edə həbsdən qurtarmışdır. AXC bir ildə böyük siyasi yol keçmiş, sıralarını mətinləşdirmiş, siyasi səviyyəsini xeyli yüksəltmiş, dünyada güclü demokratik qüvvə kimi tanınmışdır.

Azərbaycan Xalq hərəkatının gedişi dövründə respublikada aşağıdakı qüvvələr fəaliyyət göstərirdi:

Moskva və onu müdafiə edən xarici qüvvələr;

erməni lobbisi;

respublika dövlət aparatı;

ziyalılar və yarımziyalılar;

AXC və başqa demokratik qüvvələr.

Nəticə. Moskvanın əvvəlki hegemon və qorxunc mövqeyi sarsıldı, onu müdafiə edən xarici qüvvələrin çoxu bitərəfləşdi.

Erməni lobbisinin ilkin hücumları dəf edildi; onun məğlubiyyəti qaçılmazdır. Respublika dövlət aparatı tamam laxlamışdır.

Yarımziyalılar xalqa tərəf gəlməkdədir, tezliklə əsl ziyalı mövqelərini tutacaqlar. Seçkilərdə yarımziyalıların tam məğlubiyyəti onlara dərs oldu.

AXC və başqa demokratik birliklər öz qüvvələrini sahmana salmaq və yeni yüksəliş mərhələsinə qədəm qoymaqdadır.

Belə bir şəraitdə AXC qurultaya hazırlaşır. Qurultayda Məramnamə və Nizamnamədə dəyişmələr aparılacaq.

AXC xalqımızı düşdüyü böhrandan çıxarmaq, yurdumuzda vətəndaş sülhü yaratmaq, siyasi qüvvələri birləşdirmək üçün var gücü ilə çalışacaqdır. Bütün gücümüzlə milliliyimizi, demokratiyanı, dinimizi dirçəltmək uğrunda vuruşacağıq.

Bütün bunları həll etmək üçün ən kəsə yol eşq və imandır. Eşq və imanın təməli Haqla Xalqı bir etməkdir. Haqqı Xalqdan görmək, Xalqı Haqq deyə sevməkdir. Amin!


21 dekabr 1990-cı il